REGİONLAR
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları suallar cavablandırılıb.
Qəbula gəlmiş istixana fəaliyyəti ilə məşğul olan yerli sahibkarlar qaz təchizatı ilə bağlı çətinliklərinin olduğunu qeyd edib, qaz sayğacları və tənzimləyicilərinin yerlərinin dəyişdirilməsi nəticəsində qaz pulu xərclərinin süni şəkildə artırılmasından narazılıq ifadə ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.
Həmin gün Sahib Ələkbərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birgə rayonun ucqar kəndlərindən olan, bəzi yerlərdə erməni kəndləri ilə ara məsafəsi cəmi 50 metrə çatan Məzəm kəndinin sakinləri ilə də görüşüb.
Onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən kənd sakinləri əvvəllər tez-tez düşmən atəşinə məruz qaldıqlarından çətinlik çəkdiklərini, lakin evlərinin qabağına və kəndin giriş yolunun kənarına daşdan, hündürlüyü 3 metr olan divar çəkildikdən sonra təhlükəsizliklərinin təmin olunduğunu, elektrik enerjisi və qazla fasiləsiz təmin edildiklərini, hazırda yeganə problemlərinin su çatışmazlığı ilə bağlı olduğunu söyləyiblər.
Kənd sakinləri, həmçinin əvvəllər su götürdükləri yaxınlıqdakı gölün ətrafının daim atəş altında saxlanıldığından kənddə bir artezian quyusu qazılması məsələsinə baxılmasını xahiş ediblər.