Vergiödəyicisi olan fiziki şəxs bank əməliyyatlarından öncə vergi öhdəliyini icra etməlidirmi?
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
Fərdi sahibkar öz hesabından fiziki şəxsin bank hesabına köçürmə etməzdən əvvəl hansı öhdəlik və mükəlləfiyyətlərini icra etməlidir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarətdir.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi hesabat rübündən sonrakı ayın 20-dək ödənilməli və bəyan edilməlidir.
Fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Gəlir vergisi isə hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq ödənilməli və bəyan edilməlidir.
Göründüyü kimi, vergiödəyicisi olan fiziki şəxs tərəfindən bank əməliyyatlarından öncə vergi öhdəliyinin icra edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Xəbərin mətnində orfoqrafik səhv var