SİYASƏT
Vətən, dövlət, ulu öndər Heydər Əliyev sevgisi
Bakı, 30 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması vətənini sevən, tarixini dərk edən hər bir azərbaycanlı üçün olduqca sevincli hadisədir. Əslində, bu günü, bu qərarı çoxdan və çox böyük səbirsizliklə gözləyirdik desək, düşünürəm ki, hisslərimizin səmimiyyətini, sevincimizin həddini-hüdudunu daha da düzgün ifadə etmiş olarıq. Lakin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin məhz bu ilə təsadüf etməsi də zənnimcə, bir naxışdır. Belə ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Prezident İlham Əliyev tərəfindən dəqiqliklə realizə edilən uzaqgörən siyasət, xalq-iqtidar-ordu möhkəm birliyi nəticəsində əldə etdiyimiz böyük Zəfərin ardından Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, Azərbaycanın öz torpaqlarında uğurla reallaşdırdığı antiterror əməliyyatları və Prezident İlham Əliyevin tarixi faktları aydın dilə gətirərək “… Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur” fikirlərini vurğulaması o naxışın incə, bir o qədər də həssas, fəxarət hissinə bürünmüş, torpaq, yurd ətri gələn detallarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq qeyd edib ki, Cənubi Qafqaz regionunun olduqca mürəkkəb bir coğrafi şəraitdə yerləşməsinə paralel olaraq regional və beynəlxalq aktorların kəsişən, ziddiyyətli maraqları fonunda Azərbaycanı sıfırdan qurmaq işini böyük məsuliyyətlə olduğu qədər, bir o qədər də sevgi ilə çiyinləri üzərinə götürən ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudursa, mövcud Azərbaycanın müəyyənləşdirilən, artan inkişaf strategiyası üzrə addımlamasının təminatçısı da Ulu Öndərimizin özündən sonra xalqa bəxş etdiyi Prezident İlham Əliyevdir. Müasir Azərbaycanın mövcud siyasi, iqtisadi, sosial, mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdırsa, gələcək günlərinin qarantı onun layiqli varisi Prezident İlham Əliyevin yaratmış olduğu mövcud reallıqdır. O reallıq ki, bütün regional və beynəlxalq aktorları konvensional və uzunmüddətli xarici siyasət strategiyalarında ciddi korrektələrə getməyə vadar etdi.
Vətən sevgisi ilk növbədə vətənin rifahı və firavanlığı üçün passiv, sadəcə, hisslərlə deyil, həm də fəal qayğıda ifadə olunursa, bu kontekstdə vətənpərvərliyin müasir dünyanın ictimai-siyasi və mədəni reallığını formalaşdırmağa imkan verən konstruktiv potensialı fundamental əxlaqi fəzilətləri formalaşdırır. Bu əxlaqi fəzilətlər vətən, dövlət, ulu öndər Heydər Əliyev sevgisidir ki, məhz onlar da bütün dünya azərbaycanlılarının qəlbini döyündürən üç başlıca amil, sinəmizi fəxarət hissi ilə dolub-daşırdan meyardır.
Böyük bir imperiyanın dağılmasından sonra uçqunların altında qalan Azərbaycanı məhv olmağın astanasından xilas edən ümummilli lider Heydər Əliyev dühasının bizi eyni çətir altında həmrəy etməyə müvəffəq olduğu azərbaycançılıq ideologiyasi qloballaşma, dövlətlərin əhəmiyyətinin azaldığı, ən bədbin ssenari ilə isə beynəlxalq hüquq dəyərlərinin arxa plana keçdiyi bir zamanda Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu”nun əsası oldu. Bu gün Azərbaycan qürurla müasir dövlət imici yaratdığı reallığını verdiyi sülh mesajları ilə sübut edir. Konstruktivlik, multietnik dəyərlərə sadiqlik, etnik mədəniyyətlərin real fərqlərinin dostluq və qardaşlıqla yanaşı, həm də sinxron inkişafı qlobal miqyasda da təqdir edilir. Çünki Azərbaycan "çirkli" etnosentristik millətçilik və "mücərrəd" kosmopolitizm deyil, öz dəyərlər sistemini formalaşdırmağa müvəffəq olmuş bir ölkə və dövlətdir.
Hər bir xalqın, millətin tarixi və mədəni kodeksini müəyyən edən başlıca xüsusiyyətlər mövcuddur. Bunlardan biri tarix boyu keçməli olduğu yol reallığıdırsa, digəri isə reallıqların nə diktə etməsindən asılı olmayaraq, mənəvi zənginliyi qoruyub saxlamaq, qırıcı, yıxıcı, yırtıcı, deyil, zadəgan xalq kimi məhz qurucu, qonaqpərvər xalq olmağımız, heç kimin torpağında gözümüzün olmamasıdır. Lakin mövcud reallıqlar bizim mübariz ruhumuzun üzə çıxarılmasını diktə etdiyi zaman Azərbaycanın hər bir oğlu və qızı torpağına canı kimi sarılır, onu sinəsinə basır. Bu baxımdan da Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdırmazdan əvvəl dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsi və "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” fikirlərində təzahür edən hər bir söz bizim xalq olaraq, o xalqa mənsub fərd olaraq bütün ali, insani keyfiyyətlərimizin bariz nümunəsi, əyani sübutudur. Məhz buna görə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzularını dilə gətirmək, hər bir azərbaycanlıya iftixar hissi yaşadan o sözləri bir daha xatırlatmaq, düşünürəm ki, bir xalqın Vətən sevgisini, böyüklüyünü, əzmini, dövlətinə sədaqətini dəqiq ifadə etmək baxımından ən düzgün sözlərdir: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
Mövcud reallıqların əksini Ulu Öndərimizin də ifadə etdiyi kimi təsəvvür belə edə bilməyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi torpaqlarına qovuşdu. İndi də bu torpaqların dirçəldilməsi işində hər kəs bütöv və bir olmalı, bu tarixi missiyanın öhdəsindən də alnıaçıq gəlməliyik. Tariximizi bilmək, onu gələcək nəsillərə düzgün aşılamaq, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmiş Heydər Əliyev irsinin öyrənilməsi və öyrədilməsi ən önəmli vəzifələrimizdən, vətəndaş borclarımızdan biri olmalıdır.