CƏMİYYƏT


Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib

Bakı, 17 may, AZƏRTAC

Ədliyyə Nazirliyi vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir. Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə məlumatlandırılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin, KİV-lərin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunur. Bu baxımdan nazirliyin rəsmi Feysbuk səhifəsində ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində mayın 17-də “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda növbəti onlayn brifinq keçirilib.

Brifinqdə nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin qrup rəhbəri Azər Cəfərov ekstradisiya, məhkumların verilməsi, eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və s. məsələlərdən bəhs edib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasına nəzarət edir, onların düzgün icrasını həyata keçirir. Ədliyyə Nazirliyi beynəlxalq konvensiya üzrə mərkəzi orqan qismində çıxış edir. Bununla yanaşı, hüquqi yardım sahəsində imzalanmış 40-dək ikitərəfli müqavilə üzrə öhdəliklərin icrasını təmin edir.

Brifinqdə məlumat verilib ki, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq hüquqi əməkdaşlığın həyata keçirilməsidir. Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmizin apardığı haqlı mübarizəni beynəlxalq tərəfdaşlara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində bir sıra tədbirlər görüb. Bu dövrdə nazirlik tərəfindən 77 dövlətin Ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib. Məktublar Ermənistan tərəfinin törətdikləri cinayətlər və onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi həm uşaqlara, həm də mülki şəxslərə qarşı bir sıra cinayətlər törədib. Bütün bu cinayətlərlə bağlı ixtisaslaşmış qurumlara və xarici tərəfdaşlarımıza məktublar göndərilib və onlar məlumatlandırılıb. Ədliyyə Nazirliyi 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər heyətində, Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsil olunur. Müharibə dövründə bu təşkilatların rəhbərlərinə və üzvlərinə də məktublar göndərilib və ölkəmizlə bağlı həqiqətlər onların diqqətinə çatdırılıb.

Onlayn tədbirdə sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.