REGİONLAR
Vətən müharibəsi iştirakçısı: Torpaqlarımızı azad etmək çox gözəl hissdir
Qazax, 11 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Bir il öncə Vətən müharibəsinin elə ilk günlərindən cəbhədə əsgərlərimizin göstərdikləri qəhrəmanlıqlar dillərə dastan olmağa başlamışdı. Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq hərbçilərimizin igidlikləri barədə məlumatlar verilirdi.
AZƏRTAC xəbər verir ki, belə qəhrəmanlarımızdan biri də Qazax rayonunun Hüseynbəyli kəndindən olan Elvin Mədətovdur. O, indi də hərbi xidmətini davam etdirir. Bu günlərdə isə ailəsini görmək üçün məzuniyyətə gəlib.
Mədətovlar ailəsindən Vətən müharibəsində iki qardaş – Elvin və İlkin iştirak edib. Ataları Şərif Mədətov birinci Qarabağ müharibəsi veteranıdır. O, övladlarını hələ kiçik yaşlarından vətənpərvər ruhda böyüdüb. Bu gün onların valideynləri olduqca qürurludurlar. “Müharibədə iki oğlum da iştirak etdi. Qürurla döyüşüb, nailiyyətlər əldə etdilər. Biz hər iki oğlumuzla qürur duyuruq. Müharibə vaxtı Müdafiə Nazirliyi məlumat yaymışdı ki, əsgər Hünər Məmmədov, onun silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayev düşmənin yeddi tankını, bir piyadaların döyüş maşınını, bir silah-sursat dolu avtomobil texnikasını və iki müşahidə məntəqəsini məhv edib. Bu xəbəri eşidəndə çox sevindik, fəxr etdik”- deyə Ş.Mədətov söyləyib.
Vətən müharibəsi iştirakçılarının anası Zülfiyyə Mədətova da hər iki oğlunun torpaqlarımızın azad olunmasında iştirakına görə sevinclidir: “Balalarımın hər ikisi döyüşdü. Torpaqlarımız azad olundu. Böyük oğlum çağırışla getmişdi. Kiçik oğlum Elvin isə hərbi xidmətdə idi. Kiçik oğlum xidmətini bu gün də davam etdirir”.
Elvin ilk döyüşə Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətindən qatılmışdı. Müdafiə Nazirliyi həmin günlərdə onun silahdaşları Hünər və Rüfətlə birgə fotolarını yaymışdı. Onlar barədə məqalə də dərc olunmuşdu. Əlbəttə belə məlumatlar döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırırdı. “Əsgər yoldaşlarım Hünər Məmmədov, Rüfət Əsədullayev və mən - üçümüz qrup şəklində hərəkət edirdik, düşmənə ağır zərbələr vurmuşuq. Torpaqlarımızı azad etmək çox gözəl hissdir, aldığımız hər qarış torpağa görə sevinirdik. Qələbənin sevincini sözlə ifadə edə bilmirəm. Haqqımızda məlumatlar çıxanda, şəklimizi görəndə bu, bizdə böyük ruh yüksəkliyi yaratdı, döyüşə daha həvəslə atıldıq”, - deyə Vətən müharibəsinin iştirakçısı Elvin Mədətov bildirib.
Elvin böyük qardaşı İlkinin müharibəyə qatıldığını döyüşlərin qızğın vaxtı ailəsi ilə telefon danışığı zamanı öyrənib. Qardaşlar cəbhənin müxtəlif istiqamətlərində, bir-birlərindən uzaqda döyüşlərdə iştirak ediblər.