CƏMİYYƏT
Vətən müharibəsi qazilərinin məşğulluq problemini həll etməklə Böyük Qələbəni yaşadanlara dəstək göstərəcəyik
Bakı, 10 iyun, AZƏRTAC
Şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar yerli məşğulluq orqanlarına çatdırılacaq. Şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar işəgötürənlərlə müzakirə olunacaq və işəgötürənlərin tələblərinə cavab verən şəxslər işə götürüləcək. Burada sosial məsuliyyətin bölünməsi əsas məqsəddir.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gündən nazirlikdə və yerli qurumlarda proqramın icrasına başlanılıb: "Məşğulluq marafonu”nda həm şəhid ailə üzvləri, həm də yaralanmış qazilər iş üçün müraciət edə bilərlər. İş üçün yaş məhdudiyyəti 65 yaşa qədərdir, bu yaşa qədər müraciət edən şəxslər işlə təmin oluna bilər. Həmin şəxslər nazirliyin özündə və yerli qurumlarında da işlə təmin oluna biləcəklər”.
Vətən müharibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 80-dan çox əməkdaşının hərbi əməliyyatlarda iştirak etdiyini bildirən nazir müavini deyib: “Yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərin problem və qayğıları ilə məşğul olan şöbələr yaradılıb. Həmin şöbələrdə işə Vətən müharibəsində iştirak edən qazilər cəlb olunur. Ümid edirik ki, həmin proses digər dövlət orqanlarında da aparılacaq və bununla Böyük Qələbəni bizə yaşadanlara öz dəstəyimizi və həmrəylimizi nümayiş etdirmiş olacağıq”.