CƏMİYYƏT
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət edilib
Bakı, 8 mart, AZƏRTAC
Martın 8-də YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin Səbail rayonundan olan şəhidlərinin ailə üzvlərini evlərində ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və qəhrəmancasına şəhid olan igidlərimizin fədakar analarına, bacılarına, həyat yoldaşlarına Beynəlxalq Qadınlar Günündə xüsusi təşəkkürlərini çatdıraraq onlarla birlikdə qəhrəman şəhidlərimizin əziz xatirəsini anıblar.
YAP Səbail rayon təşkilatının könüllü gəncləri və “Vərəm həkimləri” (3 saylı Vərəm əleyhinə dispanser) ərazi ilk partiya təşkilatının üzvləri Azərbaycan xalqına şanlı Qarabağ zəfərini bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvlərinə bir daha dərin hörmət və ehtiramlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan xalqı Vətənin igid oğulları ilə fəxr edir və onların əbədiyaşar xatirəsini daima əziz tutur.
Şəhid ailələrinin üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürlərini bildiriblər, Yeni Azərbaycan Partiyasının şəhid ailələrinə göstərdiyi diqqətdən razılıqlarını ifadə ediblər.