CƏMİYYƏT
Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Xətai rayonundakı Əhmədli kənd qəbiristanlığında Xocavənd uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Eldar Süleyman oğlu Əliyevin şəhidliyinin ildönümü ilə əlaqədar məzarı ziyarət edilib, xatirəsi anılıb. Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları sonra şəhid Eldar Əliyevin yaşadığı evin qarşısında onun xatirə lövhəsinin açılışına qatılıblar.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Qələbə qazanacağımıza tam əmin idi: “Azərbaycan Ordusu döyüş meydanında düşmənə layiqli cavab verərək onları torpaqlarımızdan qovdu. Qısa zamanda - 44 gündə Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bir neçə gün əvvəl Hadrutun düşməndən azad edilməsini qeyd etdik. Mənfur ermənilər Hadrutu alınmaz qala adlandırırdılar, lakin qüdrətli ordumuz qısa zaman ərzində bu ərazini tamamilə işğaldan azad etdi. Hadrutun düşməndən təmizlənməsi ilə Füzuliyə yol açıldı. Füzuli də qısa zamanda erməni tapdağından azad olundu. Beləliklə, Qələbəmizin tacı olan Şuşanın azad olunması istiqamətində işlərə başlanıldı. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı”.
R.Quluyev söyləyib ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı: “44 günlük müharibədə Azərbaycanın şanlı tarixi yazıldı. Bu tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını 30 il gözlədik. Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Şəhidlərimiz bizim qürurumuz, fəxrimizdir. Bütün şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm. Hər birimiz dövlətimiz, Vətənimiz üçün əlimizdən gələni etməliyik. Bu gün Azərbaycan qalib ölkədir. Dünya tarixində misli görünməmiş Qələbəyə nail olmuşuq”.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vaqif Abbasov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad olunması üçün bütün gücünü səfərbər edərək böyük Qələbə qazandı: “Şəhid Eldar Əliyevlə bütün Azərbaycan xalqı qürur duyur. O, xalqımız, Vətənimiz uğrunda böyük şücaət göstərib. Şəhid olmaq çox şərəflidir. Eldar kimi qəhrəman Vətən oğullarının igidliyi sayəsində bu gün biz böyük fəxarət hissi keçiririk. Onlarla hər zaman fəxr etmək lazımdır. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Xətai rayonunda da şəhid ailələri və qazilər böyük diqqət və qayğı ilə əhatə olunublar. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
V.Abbasov, həmçinin vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir, yeni qəsəbələr salınır: “Hazırda doğma Qarabağımızda 3 yeni hava limanı inşa edilir, yeni iş yerləri açılır. Şuşada “Xarıbülbül” festivalını, Molla Pənah Vaqifin məqbərəsini, Vaqif Poeziya Günlərini bərpa etdik. Abadlıq-yenidənqurma işləri sürətlə davam etdirilir.”
Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov söyləyib ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar-ordu birliyi mövcuddur: “Bu birlik, həmrəylik sayəsində Azərbaycan Vətən müharibəsində böyük Zəfər qazandı, “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Əsgər və zabitlərimiz heç nədən qorxmadan, çəkinmədən böyük şücaət göstərərək yalnız Vətənin bütövlüyü haqqında düşünürdülər. Bir daha bu şanlı Qələbə münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Şəhidlərin xatirə lövhələrinin vurulmasına görə dövlətimizin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Belə xatirə lövhələrinin açılması ilə şəhidlərimizin adları əbədiləşir. Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Xalqımız şəhidlərimizin adını hər zaman yaşadacaq”.
Şəhidin döyüş yoldaşları – tabor komandirinin müavini, mayor Valeh Lətifov və bölük komandiri, baş leytenant Əli Ələkbərov mərasimdə çıxış edərək Eldarın qəhrəmanlığından, vətənpərvərliyindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu qeyd ediblər.
Anım tədbirində məktəblilərin təqdimatında Vətənə, vətənpərvərliyə həsr edilmiş şeirlər səsləndirilib.
Daha sonra tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş mayor Malik Təvəkkül oğlu Əliyevin və baş leytenant Elçin Əvəz oğlu Əzizovun şəhidlik məqamına yüksəlmələrinin ildönümü ilə bağlı məzarlarını ziyarət ediblər.
Anım mərasimlərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.