QAN YADDAŞI
Vətən müharibəsi zamanı Gəncədə, Bərdədə mülki insanların məqsədli şəkildə öldürülməsi Xocalı soyqırımının davamı kimi qiymətləndirilməlidir
Bakı, 22 fevral, AZƏRTAC
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətdir. Buna görə də cinayətkarların layiqli cəzasını almasında bütün bəşəriyyət maraqlı olmalıdır. Ermənistanın Xocalı faciəsinə görə hüquqi müstəvidə cəzasını almaması onun Vətən müharibəsində yeni soyqırımlara cəhd etməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın həyata keçirdiyi Xocalı soyqırımının dünyada tanınması istiqamətində dövlətimiz tərəfindən ardıcıl iş aparılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə sistemli addımları sayəsində Xocalı faciəsi artıq dünyanın 10-dan çox ölkəsində, o cümlədən ABŞ-ın 20-dək ştatında tanınıb. Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasının önəmi xüsusi qeyd edilməlidir. Məhz bu kampaniya nəticəsində milyonlarla insan Xocalıda törədilən erməni vəhşiliyi ilə tanış olub, insanlığa qarşı dəhşətli cinayətin baş verdiyini öyrənib.
Polkovnik qeyd edib ki, Ermənistanın Xocalı soyqırımına görə beynəlxalq hüquq qarşısında cavab verməsi, cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi bu gün də aktuallığını qoruyan mühüm məsələlərdəndir. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə dövlətimizin səylərini dəstəkləməli, erməni faşistlərinin hüquqi müstəvidə törətdikləri əməllərə görə cavab verməsini təmin etməlidirlər. Təsadüfi deyil ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması Vətən müharibəsi dövründə yeni cinayətlərə səbəb olub. Əslində, müharibə zamanı Gəncəyə, Bərdəyə, respublikamızın digər şəhərlərinə atılan raketlər, mülki insanlara məqsədli şəkildə hədəfə alınması Xocalı soyqırımının davamı kimi qiymətləndirilməlidir.
“Azərbaycan Ordusu Vətən müharibəsində işğalçı dövlətin ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Qarşıda Ermənistanın son otuz ildə törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi, Azərbaycana təzminat ödəməsi kimi mühüm məsələlər dayanır. Əminəm ki, dövlətimizin bu istiqamətdəki səyləri yaxın gələcəkdə öz nəticəsini verəcək, ordumuzun darmadağın etdiyi düşmən beynəlxalq hüquq qarşısında da ədalətli şəkildə cəzalanacaq”, - deyə C.Xəlilov vurğulayıb.