MƏDƏNİYYƏT


Vətən müharibəsində iştirak etmiş Bakı Uşaq və Gənclər Teatrının aktyorları ilə görüş keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Vətən müharibəsinə könüllü qatılan əsgərlərimiz sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrının aktyorları, qazilərimiz Qurban Əhmədov və Röyal Allahverdiyev də var. Teatr səhnəsində vətənpərvərlik ruhlu tamaşalarda uğurla çıxış edən aktyorlarımız bu dəfə hərb meydanında cəsarət nümunəsinə çevriliblər. Baş İdarənin tabeliyində olan mədəniyyət müəssisələrinin nümayəndələri Bakı Uşaq və Gənclər Teatrında qazilərimizlə görüşüblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə teatrın direktoru və bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan qazilərimiz haqqında məlumat verib, onların vətənpərvər övlad, istedadlı aktyor və yaxşı həmkar olduqlarını vurğulayıb.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Əhmədov 21 sentyabrdan könüllü surətdə səfərbərliyə cəlb olunub. O, ilk günlər Ağdam, Ağcabədi istiqamətində, daha sonra bir ay Füzuli istiqamətində gedən ağır döyüşlərdə mərdliklə vuruşub. Ən ağır döyüşlərin Qırmızıbazar istiqamətində getdiyini qeyd edən qazi Füzuli meşələrində olan beton sədləri yarmaqda, Hadrut, Xocavənd, Tuğ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Cəbrayıl və Qubadlı ərazisində vuruşan Qurban, qələbə xəbərini Qubadlıda alıb. Qalib əsgərimizin ən böyük arzusu döyüş yolu keçdiyi Vətən torpaqlarımızı qalib ölkənin vətəndaşı kimi gəzməkdir.

Röyal Allahverdiyev Vətən müharibəsinə könüllü gedib, artilleriyaçı kimi Suqovuşanın, Füzulinin alınmasında iştirak edib. Füzulinin Aşağı Veysəlli kəndi, Cəbrayıl rayonu, Tuğ kəndində döyüş əməliyyatlarında, sursat daşınmasında iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Allahverdiyev Röyal Ramiz oğlu "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qazilərimizin söhbəti, onların Vətən eşqi və amallarına sadiqlikləri hər zaman qürur doğurur. Onlarla fəxr edir və istedadlı gənclərimizə yeni-yeni uğurlar arzulayırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.