CƏMİYYƏT
Vətəndaşlar məhdudiyyətlərin xatirinə deyil, sağlamlıqları naminə mütləq şəkildə “buster” doza ilə peyvəndlənməlidirlər
Bakı, 28 yanvar, AZƏRTAC
Son həftələrdə ölkəmizdə COVID-19-a yoluxma hallarında mənfi dinamika müşahidə olunur. Yoluxma statistikasının 3 mini keçməsi isə gözlənilən hal idi. Çünki ikinci doza ilə vaksinasiya olunanların qoruyuculuq müddəti azaldıqca yoluxma təhlükəsi daha çox artır. Növbəti həftələrdə COVID-19-a yoluxma hallarının pik həddə çatacağı gözlənilir. Bu, həm “omikron” ştamının yayılması, həm də mövsümi infeksiyaların geniş vüsət aldığı dönəmlə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
Həkim-infeksionistin sözlərinə görə, fevralın 15-dən etibarən ikinci dozadan altı ay keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək və onlara bəzi məhdudiyyətlər tətbiq olunacaq.: “Tələb olunan vaxta sayılı günlər qalıb. Təəssüf ki, bundan əvvəl bəzi vətəndaşlar vaksinasiyanı son ana saxladıqlarından tibb məntəqələrinin qarşısında yaranan sıxlıqla qarşılaşmışıq. “Omikron” ştamının geniş yayıldığı, o cümlədən influenzanın da vüsət aldığı bu dönəmdə kütləvi toplaşmaq qətiyyən məsləhət görülmür. Yenidən eyni mənzərə ilə qarşılaşmamaq üçün vətəndaşlardan tibb məntəqələrinə vaxtında yaxınlaşmağı, tam altı ayın dolmasına bir neçə gün qalıbsa, onu gözləməmələri xahiş olunur. Odur ki, vətəndaşlar ən son dönəmə saxlamadan, məhdudiyyətlərin xatirinə deyil, sağlamlıqlarının qorunması naminə mütləq şəkildə “buster” doza ilə peyvəndlənməlidirlər. “Buster” doza ən azı vətəndaşların xəstəliyi yüngül simptomlarla ev şəraitində keçirməsinə, hospitalizasiya ehtiyacının azaldılmasına və səhiyyə sisteminin yüklənməməsinə kömək edəcək. İki ildir pandemiya ilə mübarizə aparan həkimləri, onların yorğunluğunu, səhiyyə xidmətlərinə ehtiyacı olan digər ağır xəstələri də nəzərə alaraq vətəndaşlardan həmişəki həmrəyliyi gözləyirəm. Həmrəyliyimizin nəyə qadir olduğunu bir neçə dəfə sübut etmişik. Bu çətin dönəmi də birlikdə keçəcəyimizə və bir-birimizə dəstək olaraq pandemiyaya qarşı mübarizədən üzüağ çıxacağımıza inanıram. Onu da bir daha qeyd edim ki, “buster” doza vurduran vətəndaşlar da arxayınlaşmamalı, respirator xəstəliklərin aktiv olduğu və yüksək yoluxuculuğa malik “omikron” ştamının dünyada tüğyan etdiyi vaxtda məlum qızıl qaydalara əməl edilməsi unudulmamalıdır”.