CƏMİYYƏT
Vətəndaşların məlumatlarını ələ keçirən mütəşəkkil dəstənin üzvləri saxlanılıb VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Son günlər Daxili İşlər Nazirliyinə (DİN) vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar onlara zəng edən və sms yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə hesablarından pullar sonradan onlayn yolla oğurlanıb.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər zamanı qeyd edilən kibercinayətləri törətmiş mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisindəki evlərə baxış zamanı çoxsaylı elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkarlanaraq götürülüb.
Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitə ilə ələ keçirərək zərərəçəkənlərlə əlaqə saxlayıblar.
Həmin faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanımadıqları şəxslərə göndərməsinlər. Belə hallarla üzləşdikləri təqdirdə isə polis əməkdaşlarına, həmçinin nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə dərhal məlumat versinlər.