MƏDƏNİYYƏT
Vətənin tərənnümü - “Mən azərbaycanlıyam” rəsm sərgisində
Bakı, 5 dekabr, AZƏRTAC
Tanınmış rəssam Rafiq Quliyev “Mən azərbaycanlıyam” adlı fərdi sərgisini Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də tanınmış elm və mədəniyyət xadimləri rəssamın 60 illik yaradıcılıq hesabatı kimi dəyərləndirilən sərgisinə baxmaq üçün Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonuna gəliblər.
Tədbirdə çıxış edən ittifaqın katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın həyat yolundan və yaradıcılığından söz açıb.
Bildirilib ki, Rafiq Quliyev təsviri sənətin həm nəzəriyyəsinə, həm də praktikasına mükəmməl şəkildə yiyələnmiş sənət adamlarındandır. Doğulub boya-boşa çatdığı Cəbrayıl rayonunun Quyçaq kəndində hələ orta məktəbdə təhsil alarkən onda rəssamlığa boyum maraq olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini “Əzimzadə məktəbi”ndə alıb. Rafiq Quliyev gənc mütəxəssis kimi təyinat üzrə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində əmək fəaliyyətinə başlayıb. Bu gün də həmin müəssisədə elmi araşdırmalar şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
Rəssamın təsviri incəsənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq əsərləri beynəlxalq sərgilərdə nümayiş etdirilib. Rafiq Quliyev beynəlxalq festivalların laureatı adına və bir çox media mükafatlarına layiq görülüb. Öz üzərində daim işləyən və yeni-yeni əsərlər yaradan Rafiq Quliyev təhsilini də davam etdirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini müvəffəqiyyətlə bitirib.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professorlar Asif Rüstəmli, Vidadi Xəlilov və başqaları rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, Rafiq Quliyev tədqiqatçı-yazıçı kimi də fəaliyyət göstərir. Azərbaycan tətbiqi sənətinin tədqiqinə həsr olunmuş dörd elmi kitabı nəşr edilib. Onun kitablarında çoxəsirlik tarixə malik olan incəsənətimiz ənənə və müasirlik kontekstində təhlil olunmaqla, dünya incəsənətinə verdiyi bədii töhfələr obyektiv dəyərləndirilib. R.Quliyevin yazdığı kitablar məktəb və universitetlərdə dərs vəsaiti kimi istifadə olunur.
Rəssamın heykəltəraşlıq işlərindən danışan natiqlər onun ümummilli lider Heydər Əliyevə həsr etdiyi və müxtəlif materiallarla işlənən heykəllərini xüsusi qeyd ediblər.
Diqqətə çatdırılıb ki, indiyə qədər 100-dən artıq Qarabağ müharibəsi şəhidinin, o cümlədən 25-dən çox Azərbaycanın Milli Qəhrəmanının büstlərinin hazırlanması heykəltəraş rəssamın vətəndaşlıq borcunu layiqincə yerinə yetirməsindən irəli gəlir.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Rafiq Quliyev bundan sonra da Azərbaycan təsviri sənətinin inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini bildirib.
Sonra iştirakçılar rəssamın əsərləri ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə rəssamın 80-ə yaxın əsərləri nümayiş olunur.