ELM VƏ TƏHSİL
“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycan və Şuşa haqqında məqalələr zənginləşəcək
Bakı, 1 avqust, AZƏRTAC
Bu günlərdə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimovun təşkilatçılığı və təşəbbüsü ilə Borjomi şəhərində gənclər üçün viki-düşərgə keçirilib. Tədbirin əsas məqsədi “Vikipediya” və digər “Vikimedia” layihələri üçün yeni könüllülər cəlb etməkdir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, düşərgədə gənclər viki-texnologiyalar, “Vikipediya”da işləmək qaydaları, yeni məqalələrin yaradılması və redaktəsi barədə məlumat əldə ediblər. Viki-düşərgədə Gürcüstanın müxtəlif regionlarından 16 gənc, o cümlədən Marneuli rayonunda fəaliyyət göstərən “İnkişaf və Təhsil” Mərkəzinin və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin azərbaycanlı gənc üzvləri iştirak ediblər.
“Marneulidə artıq gənclər üçün “viki” klub fəaliyyət göstərir. Yaxın vaxtlarda isə Tbilisidə yeni “viki” klub fəaliyyətə başlayacaq və burada gənclər “Vikipediya”nın gürcü dili bölməsində Azərbaycan və Şuşa haqqında yeni məqalələr yaradacaqlar. “Viki” qrupun fəal üzvlərinə “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA Mərkəzi Elmi Kitabxananın sertifikat və diplomları veriləcək. Nəzərə çatdırım ki, burada əsas məqsəd “Vikipediya”nın Azərbaycan və Gürcüstan dili bölmələrində əməkdaşlığın və koordinasiyasının, həmçinin iki ölkənin dostluq əlaqələrinə xidmət edən keyfiyyətli, məzmunlu məqalələrin yaradılmasını təmin etməkdir”,- deyə Elnur Eltürk bildirib.