CƏMİYYƏT
“Virtual Məkanda Azərbaycan” layihəsi çərçivəsində ilk təlim keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Virtual Məkanda Azərbaycan” layihəsi çərçivəsində ilk təlim keçirilib.
“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, təlimdə Əməkdar Jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyası, araşdırma sisteminin işləmə mexanizmi və cavab axtarılan suallar, həmçinin sənədli filmlərin hazırlanma metodologiyası barədə ətraflı məlumat verib.
Sonra “Sərdar” sənədli filmi nümayiş olunub və onun hazırlanması prosesi müzakirə edilib.
“Virtual Məkanda Azərbaycan” layihəsinin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsilə bütün dünyaya çatdırmaqdır. Layihə çərçivəsində gənclərə “Araşdırma texnologiyası”, “Wikipedia təlimləri”, “Sosial şəbəkələrdən səmərəli istifadə”, “Məqalənin düzgün yazılma qaydaları”, “Təlimçilər üçün təlim” və s. mövzularda tanınmış ekspertlər tərəfindən təlimlər keçiriləcək. Layihə iştirakçıları ilə ölkəmizin müxtəlif regionlarında, o cümlədən Qubada, Lənkəranda, Şəkidə, Gəncədə, Mingəçevirdə və ali təhsil müəssisələrində görüşlər təşkil olunacaq. Bu görüşlərdə iştirakçılar layihə müddətində əldə etdikləri bilikləri bölgə gəncləri ilə bölüşəcəklər.
Sonra layihənin iştirakçılarından ibarət komandalar Azərbaycan dili ilə yanaşı, xarici dillərdə müxtəlif mövzulara dair araşdırmalar aparacaq, məqalələr hazırlayacaqlar. Əldə olunan məlumat bazaları “Wikipedia”, “Twitter”, digər sayt və sosial şəbəkələrdə yerləşdiriləcək. “İrəli Wikipedia” qrupu azerbaijanhistory.az saytının yenilənməsi ilə məşğul olacaq.
Bütün bu işlər layihənin əsas hədəflərindən olan Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizin tarixinin, mədəniyyətinin, incəsənətinin istər respublikamızda, istərsə də beynəlxalq aləmdə geniş təbliğ olunması məqsədlərinə xidmət edir.