ELM VƏ TƏHSİL
“Virtual təhsilə dəstək” mövzusunda özəl və dövlət qurumları ilə görüş təşkil ediləcək
Bakı, 2 dekabr, AZƏRTAC
Ölkədə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək və təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə aprelin 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırda platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyonu ötüb, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Layihənin əhatə dairəsi və təhsil imkanları hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən uşaqlar distant tədrisə qoşula bilmirlər. Qeyd olunan problemlərin qismən aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi özəl və digər dövlət qurumları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədilə dekabrın 4-də geniş formatda onlayn görüş təşkil olunacaq.