İDMAN
Vişvanatan Anand: Bu gedişi Fabiano Karuanaya qarşı hazırlamışdım



Şəmkir, 21 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Aprelin 17-də Şəmkirdə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində 5-ci turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda sabiq dünya çempionu Vişvanatan Anand ABŞ təmsilçisi Uesli Soya qalib gəlib.
Hindistanlı şahmatçı "ev tapşırığı" sayəsində uğur qazandığını deyib: "Maraqlı partiya oynadıq. "Ev tapşırığı"nda hazırladığım gedişdən istifadə etdim. Əslində bu taktika Fabiano Karuanaya qarşı hazırlanmışdı. Lakin So ilə partiyada bəhrəsini verdi. Bu qələbə turnir cədvəlindəki mövqeyim baxımından vacib idi.
İstirahət günündə dincəlmək istəyirəm. Futbol oynamayacağam. Son turlara hazırlaşmaq istəyirəm".
Əslən Filippindən olan ABŞ təmsilçisi Uesli So Anandın ona qarşı yaxşı oynadığını bildirib: "Anand demək olar ki, mənə şans vermədi. Kiçik səhvə yol verdim, digər tərəfdən təzyiq güclü idi. Məğlubiyyət çox pisdir. Adətən, belə oyunlardan sonra səhvlərim barədə düşünürəm. Partiyanı təhlil edəcəyəm. İstəmirəm bu cür oyunum təkrarlansın".