MƏDƏNİYYƏT
Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin ilk turu başa çatıb
Bakı, 5 iyun, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin ilk turu başa çatıb.
AZƏRTAC xəbər verir ki, müsabiqənin ilk turunda ölkəmizlə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan olan 58 nəfər gənc istedadlı vokalçı iştirak edib. İştirakçılardan ikinci tura vəsiqə qazanmış 26 nəfər arasında Əməkdar Artist Elnarə Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Mahir Tağızadə də var.
Müsabiqənin seçim turları davam edir. İyunun 7-də Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə müsabiqənin final mərhələsi keçiriləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində Xalq Artisti, Dövlət mükafatları laureatı Bülbülün 120 illiyinə həsr olunan növbəti tədbir iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında reallaşacaq.