CƏMİYYƏT
Vüqar Kərimov: Oxçuçayın biomüxtəlifliyi tam məhvolma ərəfəsindədir
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan dünyanın azsulu ölkələri siyahısındadır. Ümumi yerüstü su ehtiyatlarımız 30 milyard kubmetr həcmində qiymətləndirilir. Onların 70 faizə qədər hissəsi ölkədən xaricdə formalaşan və transsərhəd çaylar vasitəsilə Azərbaycana nəql olunan sulardır. İqlim dəyişiklikləri və onların nəticəsi olaraq proqnozlar növbəti illərdə su ehtiyatlarımızın azalma istiqamətində olacağını göstərir. Azsulu ölkə kimi sularımızı qorumalıyıq, mövcud sularımızdan qənaətlə istifadə etməli və su ehtiyatlarının düzgün idarə olunmasını təşkil etməliyik.
İşğaldan azad olunan ərazilər su ehtiyatları baxımından zəngindir. Çox təəssüf ki, işğal nəticəsində təkcə ətraf mühitimizə, biomüxtəlifliyimizə, təbii ehtiyatlarımıza yox, həm də su resurslarımıza böyük ziyan dəyib və bu, davam etməkdədir. Biz bunu işğaldan azad olunmuş ərazilərdə olan və Ermənistan ərazisindən keçən transsərhəd çaylarımızın timsalında görə bilərik. Dörd çayımız var ki, Ermənistan ərazisindən keçir. Həmin transsərhəd çaylar Araz çayı, Oxçuçay , Bəsitçay və Bərgüşadçaydır. Həmin çaylarda işğaldan azad olunma dövründən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, Ermənistan ərazisindən keçən çaylarda çirklənmə buraxılabilən hədlərdən çox yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji durum” mövzusunda keçirilən mətbuat konfransında deyib.
“Həmin transsərhəd çaylar ağır metallar və digər kimyəvi maddələrlə çirkləndirilir və bu proses hələ də davam etdirilir. Onlardan ən çox çirklənməyə məruz qalan Oxçuçaydır. Çünki onun hövzəsində iki böyük mədən yerləşir – “Qacaran” və “Qafan” mis emalı zavodları. Təəssüf ki, onların tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Çirklənmə nəticəsində Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatır. Demək olar ki, həmin çayın biomüxtəlifliyi tam məhvolma ərəfəsindədir.
Ötən ilin sonlarından başlayaraq işğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli, beynəlxalq ekspertlərin iştirakı ilə monitorinqlərə başlanılıb. Həm monitorinqlərə, həm də analizlərin götürülməsinə beynəlxalq təşkilatlar və beynəlxalq statuslu laboratoriyalar cəlb olunublar. Analizlərin bir çoxu ölkədən kənarda aparılır. Monitorinqlərin ilkin nəticələri də var”, - deyə V.Kərimov qeyd edib.