CƏMİYYƏT
Vüsal Hüseynov: COVID-19 pandemiyasına baxmayaraq, ötən il Dövlət Miqrasiya Xidməti üçün dinamik dövr olub
Bakı, 18 yanvar, AZƏRTAC
COVID-19 pandemiyasına baxmayaraq, ötən il Dövlət Miqrasiya Xidməti (DMX) üçün kifayət qədər dinamik dövr olub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 2021-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı yanvarın 18-də keçirilən mətbuat konfransında deyib.
Pandemiyanın ən çox mənfi təsir etdiyi sahələrdən birinin də miqrasiya olduğunu vurğulayan Xidmət rəisi bildirib ki, DMX bu dövrdə fəaliyyətini Operativ Qərargahın qərarlarını rəhbər tutaraq həyata keçirib. Dövlət Miqrasiya Xidməti ölkəmizə səfər edən, ölkəmizdə olan və yaşayan əcnəbilərin bu məhdudiyyətlər şəraitində miqrasiya xidmətlərinin əldə olunması ilə bağlı rahatlıqlarının təmin olunmasına, onların bu məhdudiyyətlərin mənfi təsirini minimum səviyyədə hiss etmələrinə çalışıb. Bunun üçün göstərilən xidmətlərin, o cümlədən elektron xidmətlərin sayının artırılması və onlara sərt karantin rejiminin tətbiq olunduğu günlərdə əlçatanlığın təmin edilməsi vacib məsələlərdən biri idi. Dövlət Miqrasiya Xidməti hesabat dövründə bütün bu işlərin öhdəsindən uğurla gəlib.