ORDU
Vyanada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib VİDEO
Vyana, 26 iyun, AZƏRTAC
İyunun 25-də Azərbaycanın Avstriyadakı səfirliyində Silahlı Qüvvələrimizin 97-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilib.
Tədbirdə Avstriya Müdafiə Nazirliyi və parlamentinin, Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri, Avstriya və Slovakiyada akkreditə olunmuş bir sıra ölkələrin səfirləri və hərbi attaşeləri, ATƏT-in üzv dövlətlərinin hərbi nümayəndələri, Avstriya və Slovakiyadakı Azərbaycan diasporunun fəalları, Avstriyada təhsil alan bir qrup azərbaycanlı tələbə, KİV nümayəndələri, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Mərasimdə ölkəmizin himni səsləndirilib, səfir Qalib İsrafilov və Azərbaycan Silahlı Qüvvələrinin Avstriyadaki hərbi attaşesi polkovnik Kamil Quliyev Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə məlumat veriblər.
Tədbirdə Azərbaycan ordusu ilə bağlı videoçarx nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib. Bundan başqa, qonaqlara Silahlı Qüvvələrimizə dair təbliğat kitabçaları təqdim olunub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana