DÜNYA
Vyanada irqçiliyə qarşı nümayişdə 50 mindən çox insan iştirak edib
Vyana, 5 iyun, AZƏRTAC
İyunun 4-də Vyana şəhərinin mərkəzi küçə və meydanlarında təşkil edilən irqçiliyə qarşı etiraz aksiyasına 50 mindən çox iştirakçı qatılıb.
AZƏRTAC xəbər verir ki, aksiya Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq təşkil olunub. Təşkilatçılar polisdən icazə alarkən iştirakçı sayını üç min nəfər göstərsələr də, axşam saatlarında polis orqanları aksiyaya qat-qat çox insanın qatıldığı barədə məlumat yayıb.
Etirazçılar ABŞ-da baş verən hadisə ilə yanaşı, dünyanın bir çox yerində və eləcə də Avstriyada getdikcə güclənməkdə olan rassizm və ksenofobiya hallarını pisləyiblər. “Daha susmayaq!”, “Qaradərili insanların həyatı dəyərlidir”, “Susmaq çıxış yolu deyil”, “Rassizm öldürücüdür” və digər şüarlarla hərəkət edən izdiham şəhərin mərkəzində yerləşən Karl kilsəsinin önündə mitinq keçirib. Dinc şəraitdə keçən aksiya QHT fəallarının çıxışları ilə yekunlaşıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana