SİYASƏT
XALQ CÜMHURİYYƏTİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Mayın 27-də AMEA-nın Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 85-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Muzeydən AZƏRTAC-a bildirmişlər ki, direktor, MEA-nın müxbir üzvü Nailə Vəlixanlı konfransı giriş sözü ilə açaraq, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ənənələrimizin bərpasındakı rolu və əhəmiyyətindən danışmışdır.
Konfransda muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri namizədi Kamil Muxtarovun “Azərbaycan Xalq Cümhuriyyəti və türk xalqlarının problemləri”, şöbə müdiri, tarix elmləri namizədi Zərifə Dulayevanın “Azərbaycan Xalq Cümhuriyyəti və milli ziyalılarımızın formalaşması”, tarix elmləri namizədi Firdovsiyyə Əhmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri” mövzularında məruzələri dinlənilmişdir.
Sonra məruzələr ətrafında müzakirələr olmuşdur.