SİYASƏT
XARİCİ ÖLKƏLƏRİN SƏFİRLİKLƏRİ AZƏRTAC-IN MƏLUMATLARINA BÖYÜK MARAQ GÖSTƏRİRLƏR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə həyata keçirilən geniş islahatlar, məqsədyönlü və səmərəli daxili və xarici siyasət xətti dünyanın bir çox ölkəsində diqqətlə izlənməkdədir. Respublikamızın paytaxtında yerləşən xarici dövlətlərin səfirlikləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri Azərbaycandakı siyasi-ictimai proseslər haqqında ölkələrinə ətraflı məlumatlar çatdırır. Ancaq Azərbaycanda akkreditə olunan bir sıra səfirliklər eyni zamanda Rusiya və Türkiyədə də akkreditə edilmişdir və bu ölkələrin paytaxtlarında yerləşir. Hazırda Ankarada, həm Türkiyə, həm də Azərbaycanda akkreditə olunan 32 xarici dövlətin səfirliyi fəaliyyət göstərir. Bu səfirliklər uzun müddət Azərbaycandan mütəmadi və operativ informasiya ala bilmədiklərindən şikayət edirdilər.
AZƏRTAC-ın və ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə bu səfirliklərə mütəmadi şəkildə ingilis dilində məlumatlar çatdırılır. Ankaradakı səfirliyimizin AZƏRTAC-ın informasiyalarına istinadən hazırladığı press-relizlər xarici diplomatların böyük marağına səbəb olmuşdur. Hətta Ankarada və İstanbulda yerləşən bəzi beynəlxalq regional təşkilatlar, MDB-nin üzvü olan ölkələrin səfirlikləri də bu informasiya bülletenlərinə abunə olmağı xahiş etmişlər. Press-relizlərin abunəçiləri arasında Kanada, Meksika, Əlcəzair, Cənubi Afrika Respublikası, Belçika, İspaniya, İsveç, Suriya, Banqladeş, İndoneziya, Malayziya və başqa dövlətlərin səfirlik və nümayəndəlikləri vardır. Bu yolla AZƏRTAC-ın məlumatları bütün qitələrə çatdırılır. İcmal şəklində verilən materiallar haqqında ətraflı məlumatlar isə AZƏRTAC-ın internet səhifəsindən alınır.
Bir çox xarici diplomatlar Ankaradakı səfirliyimizə müraciət edərək, görülən işin əhəmiyyətini vurğulamış, təşəkkürlərini bildirmişlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara