REGİONLAR


XİN əməkdaşları peşə bayramları günü münasibətilə Tərtərə səfər ediblər

Tərtər, 8 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər. XİN əməkdaşlarının cəbhənin Tərtər istiqamətinə səfəri Ağdərə və ətraf kəndlərin ermənilər tərəfindən işğal olunmasının 25-ci ildönümünə təsadüf edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində XİN əməkdaşları əvvəlcə Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə tanış olublar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib ki, yaşayış kompleksi hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

XİN əməkdaşları sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baş çəkiblər. Məlumat verilib ki, Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Tərtər rayonunun təmas xəttində yerləşən Qapanlı kəndinə gələn XİN əməkdaşları 2016-cı ilin aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və dövlət başçısının Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, sakinlərlə görüşüblər.

Səfər çərçivəsində XİN əməkdaşları ön xəttə də gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkən qonaqlar hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.

Səfər əsnasında əldə edilən əyani məlumatlar diplomatlarımız tərəfindən gələcək fəaliyyətlərində istifadə olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.