İQTİSADİYYAT
“XOCALI SOYQIRIMI-1992” (SƏNƏDLƏRDƏ, FAKTLARDA VƏ MƏTBUATDA) KİTABININ TƏQDİMATI OLMUŞDUR
Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda erməni təcavüzkarların 1992-ci ilin fevralında Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğında 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulduğu, 1275 dinc sakinin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü qeyd edilmişdir: “Erməni terror təşkilatları və muzdlu silahlı birləşmələr bütöv ailəni məhv edir, açıq qətllər təşkil edir, adamların diri-diri dərisini soyur, qulaqlarını kəsir, skalpını çıxarırdılar”.
Kitabda hadisənin canlı şahidlərinin acılı-ağrılı xatirələri, istintaq materialları, tibbi ekspertizanın rəyləri əksini tapmış, törədilmiş cinayətin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın, “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının, “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarını pozduğu şərhlərlə vurğulanmışdır.
Nəşrdə faciə haqqında xarici mətbuatda (“Newsweek”, “The New York Times”, “The Sunday Times”, “The Washington Post” və s.) çıxmış materiallara yer ayrılmış, “Azərinform”un (hazırda Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC) hadisə barədə xronikası, habelə yerli mətbuatda dərc edilmiş məqalələr əksini tapmışdır.
Faciənin acı nəticələrini əks etdirən fotoşəkillərlə zəngin kitabda Azərbaycan yazıçılarının, Azərbaycan Qadınlar Cəmiyyətinin, Azərbaycan Uşaq İttifaqının, Azərbaycan xalqlarının “Sodrujestvo” Respublika könüllü həmrəylik cəmiyyətinin və digər ictimai qurumların qanlı cinayətlə bağlı müraciətlərinə də yer verilmişdir.