SİYASƏT
XOCALI SOYQIRIMI HAQQINDA SƏNƏDLƏR BELÇİKA XARİCİ İŞLƏR NAZİRİNƏ TƏQDİM EDİLMİŞDİR
Xəbər verildiyi kimi, Belçikada yaşayan soydaşlarımızın cəmiyyəti - Azərbaycan Evi Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 25-də Brüsselin mərkəzində çadır quraraq, erməni millətçilərinin törətdikləri vəhşiliklərə dair fotoşəkillər nümayiş etdirmişlər.
Azərbaycan Evindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Xocalı faciəsi haqqında soydaşlarımızın hazırladıqları, fotoşəkillərlə tanış olan belçikalıların da imzaladıqları sənədlər Belçika baş nazirinin müavini, xarici işlər naziri cənab Lui Mişelə təqdim olunmuş, ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə geniş informasiya verilmişdir. Cənab Mişel Azərbaycan Evinin sədri Bülənd Gürcama bildirmişdir ki, bu məsələ ilə yaxından məşğul olacaqdır. Eyni zamanda, nazir Xocalı soyqırımı ilə bağlı bir yığıncaq keçirməyi təklif etmiş və özünün də orada iştirak etmək istədiyini vurğulamışdır.