SİYASƏT
XÜSUSİ İŞÇİ QRUPU XƏZƏRYANI ÖLKƏLƏRİN PREZİDENTLƏRİNİN İLK GÖRÜŞÜNƏ HAZIRLIQ GÖRÜR
MOSKVA. Bu payız Türkmənbaşı şəhərində Xəzəryanı ölkələrin prezidentlərinin tarixdə ilk görüşünün keçirilməsi nəzərdə tutulur. Görüşün keçirilməsinə “beşliyin” xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu çərçivəsində hazırlıq görülür. Rusiya xarici işlər nazirinin müavini, RF prezidentinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı demişdir ki, zirvə görüşünün konkret vaxtı dəqiqləşdirilir. Qrupun növbəti görüşünü sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirmək nəzərdə tutulur.
Diplomat İTAR-TASS-ın müxbirinə verdiyi məxsusi müsahibədə bildirmişdir: “Gözlənilir ki, Xəzər zirvə görüşü bəyannamə imzalanması ilə başa çatacaqdır. Sənəddə beynəlxalq həyatın və regionda vəziyyətin aktual məsələləri, habelə Xəzər dənizinin yeni hüquqi statusunun əsas prinsipləri barədə iştirakçıların ümumi mövqeləri öz əksini tapacaqdır”.
Viktor Kalyujnının dediyinə görə, Xəzəryanı dövlətlərin Xəzər dənizinin gələcək statusu barədə baxışları tədricən yaxınlaşır. İranın xarici işlər nazirinin müavini Əli Əhani ilə avqustun 9-da Rusiya XİN-də aparılmış məsləhətləşmələr zamanı Xəzərlə bağlı məsələlərə dair mütəmadi Rusiya-İran dialoqunun vacibliyi nəzərə çarpdırılmış və fikir mübadiləsini davam etdirmək barədə razılığa gəlinmişdir.
RF prezidentinin xüsusi nümayəndəsi xatırlatmışdır ki, Tehran Xəzər dənizinin 20 faizlik bərabər zonalara bölünməsinə tərəfdardır. O demişdir: “Bu, Moskvanın, Astananın və Bakının mövqeləri ilə uyğun gəlmir. Onlar su məkanının əsas hissəsinin ümumi istifadədə qalması şərtilə, Xəzərin dibinin modifikasiyalı orta xətt üzrə bölünməsinə tərəfdardırlar. Aşqabad da müəyyən şərtlərlə məsələnin bu cür həllinə meyl göstərir”.
Viktor Kalyujnı bir müddətdən sonra “Xəzər beşliyi”nin çoxtərəfli əməkdaşlığın regional strukturuna çevrilə biləcəyini istisna etmir. O, vurğulamışdır ki, “sahilyanı ölkələrin ümumi maraqları çoxdur”. Diplomatın dediyinə görə, “beşliyin” birləşməsinin nə kimi konkret formalar ala biləcəyini gələcək göstərəcəkdir.