REGİONLAR
X sinif şagirdi: Qəbələ, Şəki və Zaqatalada gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açır. Qəbələdə aparılan abadlıq və yenidənqurma işləri bizə xoş təsir bağışlayıb. Ekskursiya zamanı rayonun qədim mədəniyyət abidələri ilə yanaşı, müasir binaları, infrastrukturu, turizm obyektləri, mənzərəli guşələri ilə yaxından tanış olduq. Ümumiyyətlə, 3 gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatalada gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncə şəhər 18 saylı tam orta məktəbin X sinif şagirdi Səkinə Məmmədova deyib. O, Qəbələdə sürətli inkişafın şahidi olduğunu bildirib: “Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də ürəkdən sevindirir. Ekskursiya etdiyimiz Qəbələ rayonunda bu inkişafın bir daha şahidi olduq. Hər yerdə tikinti-quruculuq işləri gedir”.
S.Məmmədova “Ölkəmizi tanıyaq” devizi altında bölgələrə təşkil edilən və minlərlə şagirdin dünyagörüşünün artmasında böyük rol oynayan bu tur-aksiyada iştirak etdiyi üçün çox sevindiyini bildirib.