Xaçmaz rayonunda Peşə-Əmək Reabilitasiyası Mərkəzinin filialı yaradılacaq
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslər üçün Peşə-Əmək Reabilitasiyası Mərkəzinin Xaçmaz rayonunda filialı yaradılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il yaradılması nəzərdə tutulan mərkəzdə əlilliyi olan şəxslərə peşə-əmək reabilitasiyası və reabilitasiyayönümlü sosial xidmətlər göstəriləcək.
Mərkəzə Xaçmaz və ətraf rayonlar üzrə 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul olunacaq. Müəssisədə onların peşə hazırlığı və peşə-əmək reabilitasiyası, eləcə də istedad və bacarıqlarının inkişaf etdirilməsi, sosial reabilitasiyası üçün işlər aparılacaq.
Növbəti mərhələdə isə Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetlərinin qurulması nəzərdə tutulur.
Agentliyin Bakıda fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi əlilliyi olan şəxslərin peşə-əmək, ümumən sosial reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir. Hər il əlilliyi olan yüzlərlə şəxs mərkəzə qəbul olunaraq burada yeni peşələrə yiyələnir, reabilitasiya xidmətləri ilə əhatə olunur.




Xəbərin mətnində orfoqrafik səhv var