REGİONLAR
Xaçmaz şəhər seçki dairəsi üzrə maarifləndirici treninqlərə aşağı seçki komissiyalarının 261 üzvü cəlb edilib
Xaçmaz, 28 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 28-də 55 saylı Xaçmaz şəhər seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunan treninqlər davam etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən məşğələlər gün ərzində iki dəfə olmaqla, hər treninq sessiyasında 36 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə təşkil edilir.
Fevralın 2-dək davam edəcək treninqlər 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 42 məntəqəsi üzrə, ümumilikdə, 261 aşağı seçki komissiyası üzvünü əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır.
Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Seçki komissiyasının sədri qeyd edib ki, dairə üzrə 7 nəfər namizəd qeydə alınıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 44 min 382 nəfərdir.
Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər şimal bölgəsində 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən və 56 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyalarının hər birində təşkil edilib.