REGİONLAR
Xaçmazda 1500-dən çox şagird ermənilərin törətdikləri soyqırımı haqqında maariflənib
Xaçmaz, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun ümumtəhsil məktəblərinin 1500-dən çox şagirdi, həmçinin müəllim kollektivi “31 Mart -Azərbaycanlıların soyqırımı” adlı təbliğat xarakterli maarifləndirici layihəyə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü və Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlərin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisləri məktəblilərin diqqətinə çatdırıb ki, XX əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Gənclərimiz erməni yalanlarına cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmalıdır.
Ona yaxın təhsil ocağında təşkil olunan tədbirlərdə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması və fəaliyyətinin məzmunu haqqında danışılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
2018-ci ildən həyata keçirilməyə başlanılan maarifləndirici layihə Xaçmazdan əvvəl Quba və Qusar rayonlarında reallaşdırılıb.