REGİONLAR
Xaçmazda 22 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı VİDEO
Xaçmaz, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları oğurluq hadisələri törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10 min manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.
Bundan başqa, Cəlal Cəfərov fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 10 min 200 manat olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı oğurlayıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov da saxlanılıb.
Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat olan müxtəlif növ məişət əşyaları oğurlayıb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.