REGİONLAR
Xaçmazda reyd zamanı qayda pozan 35 sürücü inzibati qaydada cəzalandırılıb VİDEO
Xaçmaz, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 35 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, reyd Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində təşkil olunub.
Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində avtomobili sərxoş halda, həmçinin sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib.
Ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşən yollarda yay aylarında hərəkətin intensivliyi xeyli artır. Bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.