REGİONLAR


Xaçmazda şəhid baş gizir İlqar Hüseynlinin xatirəsi anılıb VİDEO

Xaçmaz, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda Vətən müharibəsi şəhidi, baş gizir İlqar Hüseynlinin şəhadətinin ildönümü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün Xudat şəhərində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Daha sonra şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

Quru Qoşunlarının hərbi qulluqçusu, baş gizir İlqar Şəmiyyət oğlu Hüseynli 1976-cı il oktyabrın 6-da Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. 22 ildir müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənin keşiyində dururdu. Xidməti dövründə dəfələrlə qüsursuz xidmətinə görə fəxri fərman və medallarla təltif olunmuşdu.

İlqar Hüseynli Vətən müharibəsində Suqovuşan uğrunda qəhrəmanlıqla döyüşüb. Piyadaların döyüş maşınının komandiri olub. İlqar yaralanan hərbçi yoldaşlarını döyüş meydanından çıxarma üçün irəli atılarkən düşmənin snayper gülləsinə tuş gəlib. 2020-ci il sentyabrın 27-də şəhidlik zirvəsinə ucalan İlqarın nəşini döyüş meydanından 10 gün sonra götürmək mümkün olub.

İlqar Hüseynli 2020-ci ilin oktyabrın 9-da Xudat şəhər qəbiristanlığında dəfn olunub.

İlqar evli idi, qızı Leyla, Həsən və Hüseyn adlı əkiz oğul övladları yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İlqar Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.