REGİONLAR
Xaçmazın Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq
Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 min metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilən tikinti işləri qısa müddətdə yekunlaşacaq və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılacaq.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, kənddə hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılacaq. Bununla yanaşı, abonentlər qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilirlər.
Xaçmaz rayonunda 151 yaşayış məntəqəsindən 111-nin qazlaşdırılması yekunlaşıb.