REGİONLAR
Xaçmazlı teatrsevərlərə “Xəcalət” tamaşası təqdim olunub VİDEO
Xaçmaz, 17 may, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı xaçmazlı tamaşaçıların görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Xəcalət” tamaşasını təqdim edib. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.
İki hissəli tamaşada rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu ifa ediblər.
Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında təsvir olunur. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.