REGİONLAR
Xaliq Musayev: 1993-cü ilin 15 iyununda Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başlandı
Ağcabədi, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
1993-cü il iyunun 15-i xalqımız üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 15 iyun Azərbaycan tarixinin şərəf səhifəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın rayonunun ziyalısı Xaliq Musayev söyləyib.
O qeyd edib ki, ölkəmizin hər bir vətəndaşı ulu öndər Heydər Əliyevin respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun tarixini sonsuz minnətdarlıq hissi ilə xatırlayır və həmin günü bayram edir. Çünki 15 iyun - Milli Qurtuluş Günü olmasaydı bugünkü müstəqil Azərbaycan da olmayacaqdı. Ulu Öndər böyük qayıdışı ilə Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi.
Xaliq Musayev 1992-1993-cü illərdəki ictimai-siyasi prosesləri xatırlayaraq deyib: “Ölkədə hökm sürən hakimiyyət böhranı, xaos və anarxiya, vətəndaş müharibəsi, separatizm, Ermənistanın təcavüzü Azərbaycanı XX əsrin sonlarında yenidən qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qoymuşdu. Azərbaycan böyük təhlükə qarşısında idi. Belə ağır məqamda ölkəni bəladan yalnız böyük siyasi xadim Heydər Əliyev qurtara bilərdi. Xalq Vətənin ağır günündə dahi şəxsiyyət Heydər Əliyevin Bakıya, Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Həmişə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu, 15 iyunda isə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı”.
X.Musayev qeyd edib ki, 27 illik şərəfli yol keçən müstəqil Azərbaycan Respublikası bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Xalqımız xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.