REGİONLAR
Xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs məsuliyyətə cəlb edilib VİDEO
Ağcabədi, 5 avqust, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Fəxrəddin Qasımov saxlanılıb. Araşdırmalarla F.Qasımovun xaricdə yaşayan qonşusunun həyətyanı sahəsinin sahibsiz olmasından istifadə edərək orada aqrotexniki qulluqla çətənə bitkiləri yetişdirdiyi müəyyən olunub. Əraziyə baxış keçirilən zaman 46 ədəd çətənə bitkisi və bir kiloqramdan çox qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.