REGİONLAR
Xarici KİV nümayəndələri və hərbi attaşelər yaralı Səlminaz Quliyevaya baş çəkiblər VİDEO
Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri, hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndində səfərdədirlər. Səfər Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Sahibə Allahverdiyeva (Quliyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduqları hadisə yerinə və əraziyə baxış keçiriləcək.
Səfər iştirakçıları əvvəlcə hadisə nəticəsində yaralanan və hərbi hospitalda müalicə alan Alxanlı kənd sakini Səlminaz Quliyevaya baş çəkiblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev xarici ölkə nümayəndələrinə bildirib ki, düşmən atəşkəs elan olunmasına baxmayaraq, cəbhəboyu kəndləri daim atəş altında saxlayır, dinc insanları qətlə yetirirlər. Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Dünya ictimaiyyəti isə buna göz yumur, beynəlxalq təşkilatlar konkret mövqe nümayiş etdirmirlər.
Qeyd edək ki, səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “Interfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Alxanlıya səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.