CƏMİYYƏT
Xarici diplomatlar “DOST” mərkəzi ilə tanış olublar
Bakı, 24 iyun, AZƏRTAC
Bir sıra dövlətlərin Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “DOST” mərkəzində olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli qonaqlara ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, innovativ metodların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bildirib ki, DOST layihəsi həmin xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə imkan verir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, diplomatlar pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar.
1 saylı “DOST” mərkəzinin direktoru Seymur Alıyev hər gün 500-ə yaxın vətəndaşa xidmət göstərildiyi və mərkəzdəki iş prinsipləri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesi barədə qonaqlara məlumat verib.
Nümayəndə heyəti üçün Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimat edilib. Həmçinin DOST Agentliyinin fəaliyyəti barədə videoçarxlar təqdim olunub.