CƏMİYYƏT


Xarici ölkələrdə yerləşən bankların müştərilərinin şəxsi hesablarından 178 min dollar oğurlayan hakerlər saxlanılıb VİDEO

Bakı, 1 noyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yeni nəsil informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə olunduğu, həmin hesablardan külli miqdarda pulun oğurlanaraq başqa kartlara transfer edildiyi və ölkəmizdə nağdlaşdırıldığı barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, F.Hüseynov və Ş.Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178 min ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər. Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.

Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.