ELM VƏ TƏHSİL
Xətai rayonunda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər görülür
Bakı, 17 avqust, AZƏRTAC
Xətai rayonundakı 5 nömrəli peşə liseyində “Uğurlu təhsilə aparan yol” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda bu il ali məktəblərə qəbul imtahanında rayon məktəblilərinin qazandığı uğurlar və qarşıda duran vəzifələr müzakirə edilib.
Rayonda fəaliyyət göstərən 37 ümumtəhsil məktəbindən 33-ü dövlət proqramı çərçivəsində əsaslı təmir olunub. İki məktəb tamamilə sökülərək yerində müasir standartlara cavab verən binalar inşa edilib.
Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, bu gün ölkədə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının ölkədə yeni məktəblərin tikilməsi ilə bağlı tapşırıqları hər yerdə olduğu kimi, Xətai rayonunda da uğurla icra olunur. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlər xüsusilə mühüm əhəmiyyət daşıyır.
Tədbirdə rayonda təhsil sahəsində görülən işlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına uyğun olaraq, rayonda təhsil infrastrukturu müasirləşdirilir, yeni məktəblər tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir edilir. Dövlət proqramına uyğun olaraq, rayonun 261 və 265 nömrəli orta məktəblərində son tamamlanma işləri aparılır, həmin təhsil müəssisələrinin binaları müasir şəkildə yenidən qurulur, şagirdlərin yüksək təhsil almaları üçün lazımı şərait yaradılır. Rayon ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə əlavə tədris korpuslarının tikintisi də aparılır. 245 və 58 saylı orta məktəblərin korpusları tikilir və lazımi tədris invertarları ilə təchiz olunur.
Sonra rayon üzrə ali məktəblərə qəbul zamanı əldə olunan nəticələr barədə məruzə dinlənilib. Diqqətə çatdırılıb ki, bu il rayon üzrə 1776 şagird imtahan verib. Onlardan 1194 nəfəri ali məktəblərə qəbul olunub. Daxil olan abituriyentlər arasında 143 nəfər 500-dən, 62 nəfər 600-dən, 21 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, rayonun 87 məzunu dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub. Yeddidən çox məzun isə prezident təqaüdünə layiq görülüb. Üç məzun orta məktəbi qızıl medalla başa vurub. Bu da respublika üzrə ən uğurlu göstərici hesab olunur.
Konfrans müzakirələrlə davam etdirilib.