CƏMİYYƏT
Xətai rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutulublar
Bakı, 20 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə Bakı şəhər sakini E.Zərbəliyevdən 0,005 qram heroin götürülüb.
E.Zərbəliyevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş T.Abdullayev də müəyyən edilərək saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 510 qram heroin götürülüb.
T.Abdullayevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də yaxalanıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşları A.Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə baxış keçiriblər. Mənzildən 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.