CƏMİYYƏT
Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda Əli Abbasovun yerinin müəyyənləşdirilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.