ELM VƏ TƏHSİL
Xətai və Suraxanı rayonları üzrə səyyar qəbulda müəllimlərin və valideynlərin müraciətləri dinlənilib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllimlərin və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakıdakı 269 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərdə idman zalı, akt zalı və hərbi kabinetlərin müasir avadanlıqla təchiz olunması və digər müvafiq məsələlərlə bağlı müraciətlər ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.