CƏMİYYƏT
Xəzər rayonunda “Narkomaniya və erkən nikah” mövzusunda maarifləndirici tədbir təşkil edilib
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun birgə təşkilatçılığı ilə “Cırtdan” Respublika Uşaq və İstirahət Mərkəzində “Narkomaniya və erkən nikah” mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Yeniyetmələrlə keçirilmiş görüşdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadları barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.