İQTİSADİYYAT
Xəzər rayonunda səhiyyə müəssisələrinin inşasına diqqət artırılmışdır
Bakı, 2 yanvar (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Xəzər rayonunda bir sıra səhiyyə müəssisələrinin tikintisi aparılmış və ya əsaslı təmir olunmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, Şüvəlan qəsəbəsində 36 nömrəli Uşaq Pulmonoloji Sanatoriyasının iki mərtəbəsi artıq tikilmiş, dam örtüyü vurulmuşdur. Hazırda binanın daxilində tamamlanma işləri görülür.
Bundan əlavə, sanatoriyanın həyətində abadlıq və yaşıllaşdırma işlərinə başlanılmışdır. Səhiyyə ocağının bu il təhvil verilməsi nəzərdə tutulmuşdur.
Pirallahı qəsəbəsində isə 10 nömrəli tibbi sanitariya hissəsinin təcili yardım korpusu tam istifadəyə verilmişdir.
Tibbi sanitariya hissəsi 4 korpusdan ibarətdir. Artıq təmir olunmuş korpuslardan birində təcili yardım və cərrahiyyə şöbəsi yaradılmışdır. Digər üç korpusda elektrik xətlərinin çəkilməsi işləri tamamlanmaq üzrədir. Korpuslarda istilik sistemi qurulmuş, qazanxana tikilmişdir. Səhiyyə müəssisəsi xarici avadanlıqla təchiz olunacaqdır.