İQTİSADİYYAT
Xəzərdəki neft-qaz yataqlarında ekoloji parametrlərin dəyişilməsi dinamikası üzrə təqdimat keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) “Bulla Dəniz” və “8 Mart” yataqlarında son 5 ildə ekoloji parametrlərin dəyişilməsi dinamikası ilə bağlı təqdimat keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, departamentin mütəxəssisləri əvvəlcə “Bulla Dəniz” və “8 Mart” yataqlarında monitorinqlərin keçirilmə metodikası barədə məlumat verib, yataqların ərazisində dəniz suyunda oksigenin miqdarı, temperatur, duzluluq, elektrik keçiriciliyi göstəricilərinin tədqiq olunan ərazi üçün səciyyəvi olduğu qeyd edilib. Dəniz suyunda neft karbohidrogenlərinin, fenolların, metal ionlarının, biogen elementlərin kimyəvi parametrləri illər ərzində dəyişib.
Bildirilib ki, neft və neft məhsulları dənizin canlı orqanizmlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar, dənizin müxtəlif rayonlarında əmələ gələn şəraitin təhlili məqsədilə dib faunasının çoxillik dəyişməsinin təfərrüatlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Ötən illər ərzində “Bulla Dəniz” və “8 Mart” yataqlarında, ümumilikdə, Xəzər üzrə dib faunası miqdarının və biokütləsinin birgə artımı müşahidə olunub.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, nəticələr müzakirə edilib.
Ekologiya İdarəsinin rəisi Azər Əliyev irad və təkliflərini bildirib, bu istiqamətdə elmi əsaslarla işlərin davam etdirilməsini tapşırıb.