ELM VƏ TƏHSİL
“Xəzərlər və Azərbaycan” kitabı çapdan çıxıb
Bakı, 27 may, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun “Xəzərlər və Azərbaycan” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab VII-X əsrlərdə Xəzər türklərinin Azərbaycan tarixində roluna həsr edilib. Əsərdə ərəb işğalından öncə xəzərlərin Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi hadisələrdə roluna və onların bu bölgədəki siyasi nüfuzuna qiymət verilir, yazılı tarixi mənbələrin müqayisəli təhlili əsasında ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası və Xəzər xaqanlığı arasında münasibətlərə yenidən nəzər salınır. Həmçinin ərəb-Xəzər hərbi qarşıdurmasından sonra 300 il ərzində Azərbaycanın şimalında tarixi və iqtisadi məkanın formalaşması prosesində Xəzər dövlətinin əhəmiyyəti təhlil edilir və bu məsələ ilə bağlı yeni baxış əsaslandırılır.
Yeni nəşr Azərbaycan və Xəzər türklərinin tarixini öyrənən tədqiqatçılar, tələbələr və Cənubi Qafqaz tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.